Samsung Galaxy S22 və Galaxy S22 Plus modelini təqdim edib

Samsung Galaxy S22 və Galaxy S22 Plus modelini təqdim edib

   Səbirsizliklə gözlənilən Galaxy Unpacked tədbiri dünən keçirilirdi. Samsung şirkəti bu tədbirdə Galaxy S22 smartfon seriyasını təqdim edib. Həmçinin Galaxy Tab S8 seriyası da göstərilib.

  Galaxy Unpacked tədbiri istifadəçilərin gözlədiyi kimi dolu-dolu keçib. Samsung şirkəti istifadəçilərin səbirsizliklə gözlədiyi Galaxy S22 flaqman smartfon modellərini təqdim edib. Samsung bildirib ki, yeni Galaxy S22 seriyasında performansa daha çox fokuslanıblar. Galaxy S22 və Galaxy S22 Plus modellərinin dizaynı keçən ilki Galaxy S21 seriyası ilə tamamilə eynidir. Sadəcə kiçik fərqlər var. İstifadəçilərin müzakirə etdiyi kamera çıxıntısı Galaxy S22 seriyasında da davam edir. Kamera bloku smartfonun sol üst tərəfinə yerləşdirilib. Telefonların ekranı isə deşikli ekran olaraq istifadə edilib.

   Ekran tərəfində Galaxy S22 modeli 6.06 düym Full HD Amoled ekran, Galaxy S22 Plus modeli isə 6.5 düym Full HD Amoled ekran istifadə edilib. Hər iki smartfon 120 Hz ekran yeniləmə tezliyini istifadə edir. Barmaq izi sensoru isə həmişəki kimi ekranın içinə inteqrasiya edilib. Performans tərəfində bu iki smartfon regiondan aslı olaraq Snapdragon 8 Gen 1 və ya Exynos 2200 prosessoru ilə təchiz olunub. Hər iki prosessor 4 nm ölçülərində istehsal edilib. Həm Galaxy S22, həm Galaxy S22 Plus modeli 8 GB ram-a malikdir. Virtual Ram dəstəyi ilə telefonun yaddaşı əlavə 4 GB ram kimi istifadə edilə bilir. Beləliklə Virtual Ram dəstəyi ilə bu smartfonlar 12 GB ram-a malik olacaq deyə bilərik. Yaddaş tərəfində Galaxy S22 modeli sadəcə 128 GB, Galaxy S22+ modeli isə həm 128 GB, həm 256 GB yaddaşa malik olacaq.

  Batareya tərəfində Galaxy S22 modeli 3700 mAh ( 25W sürətli şarj), Galaxy S22 Plus modeli isə 4500 mAH ( 45W sürətli şarj) batareya ilə təchiz olunub. Hər iki smartfon eyni kamera sensorlarından istifadə edir. Yəni hər iki modeldə də əsas kamera 50 MP, 12 MP geniş bucaqlı kamera, 10 MP telefoto kamera var. Həmçinin ön kamera hər iki modeldə də 10 MP-dir. Galaxy S22 modeli 799 dollar, Galaxy S22 Plus modeli isə 999 dollardan satışa çıxacaq.

Şərhlər