- 140
Opera Android-də yeni AI funksiyaları ilə gücləndirildi
Opera, Android üçün nəzərdə tutulmuş Opera for Android brauzerinə yeni süni intellekt təkmilləşdirmələri əlavə etdiyini açıqladı. Şirkət bu yeniliklərlə mobil brauzerin AI imkanlarını, Opera One adlı qabaqcıl masaüstü brauzerinin səviyyəsinə yaxınlaşdırmağı hədəfləyir.
İlk yenilik Ask AI funksiyasının genişləndirilməsidir. Artıq bütün AI sorğuları üçün ayrıca giriş nöqtəsi mövcuddur. Axtarış çubuğuna toxunduqda “AI-dən soruş” seçimi görünəcək və yeni açılan panel vasitəsilə adi veb axtarışı ilə AI sorğuları arasında rahat şəkildə keçid etmək mümkün olacaq.
Növbəti yenilik isə fayl əlavə edərək AI-dən istifadə etmək imkanının əlavə olunmasıdır. İstifadəçilər PDF sənədlərini, şəkilləri və digər faylları yükləyərək onları AI vasitəsilə tərcümə etdirə, ümumiləşdirə və ya izah etdirə bilərlər. Bunun üçün “AI-dən soruş” panelini açmaq, “+” işarəsinə toxunmaq və telefondan istənilən sənədi seçmək kifayətdir. Həmçinin kamera ilə çəkilən şəkillər birbaşa əlavə oluna bilər.
Opera həmçinin AI sorğularında mövcud brauzer nişanını kontekst kimi istifadə etməyə imkan yaradır. Bu, oxuduğunuz veb-səhifənin məzmununu tərcümə, izah və yahut qısaldılmış formada təqdim etmək üçün AI-dan istifadə etməyi xeyli asanlaşdırır. Sadəcə sağ yuxarıdakı üç nöqtəyə toxunub “AI-dən soruş” seçimini işə salmaq kifayətdir. İlgili səhifə avtomatik olaraq sorğuya əlavə ediləcək.
İstifadəçi axtarış panelinə əlavə suallar daxil edərək həmin veb-səhifənin məzmunu barədə daha detallı cavablar da əldə edə bilər.
Opera bildirib ki, bütün AI funksiyaları məxfilik prinsiplərinə tam uyğun şəkildə işləyir. AI yalnız açıq olan nişanın məzmununu təhlil edə bilir və digər məlumatlara çıxışı yoxdur. Şirkət qeyd edir ki:
-
Səhifə ilə bağlı kontekst məlumatları yalnız tələb olunan tapşırıq üçün AI modelinə ötürülür; baxış tarixçəsi paylaşılmır.
-
Məlumatlar şifrələnmiş şəkildə ötürülür və yalnız 30 gün müddətində saxlanılır — bunun məqsədi yenidən baxılan sorğular üçün söhbətin davamlılığını təmin etməkdir.
-
Bu məlumatlar heç zaman AI modelinin təlimi və ya digər məqsədlər üçün istifadə olunmur və müddət bitdikdə avtomatik silinir.
Yeni AI funksiyaları artıq istifadəyə verilib. Əgər sizdə hələ görünmürsə, Google Play Store vasitəsilə Opera-nı yeniləmək tövsiyə olunur.