Apple şirkəti “Peek Performance” tədbirində iPhone SE 3 (2022) smartfonunu təqdim etmişdi. Ənənəvi iPhone dizaynı ilə performansı birləşdirən şirkət kiçik ölçülü iPhone istəyənlərə xitab etməyi hədəfləyir. Bu bloq yazımızda iPhone SE 3 qiyməti haqqında və almağa dəyər olub olmadığı haqqında danışacağıq.
iPhone SE 3 üçün dizayn haqqında danışmalı bir şey yoxdur əslində. Çünki Apple bu smartfonunda ənənəvi iPhone 5 dizaynından istifadə edir. Daha qalın, daha kiçik ölçülü olan model nostalji sevən Apple istifadəçilərinə xitab edir. 7.3 mm qalınlığı olan bu smartfon 144 qram çəkiyə malikdir. Apple-ın dördkünc dizaynından istifadə edən iPhone SE 3 modeli fiziki TouchİD düyməsinə də malikdir. Hər nə qədər fiziki düymələr artıq əvvəlki kimi tələb görməsə də Apple nostalji dizaynı səbəbilə fiziki düymə istifadə etməyi seçir. Həm arxası, həm önü markası bilinməyən şüşə qoruyucular ilə qorunur. İP67 sertifikatı olan iPhone SE 3 modeli suya və toza qarşı dayanıqlıdır. Retina İPS LCD ekran istifadə edən bu model sadəcə 4.7 düym-dür. Kiçikdir hə? Əsas məqsəd də kiçik olmasıdır elə. Dizayn olaraq köhnə görünə bilsə də ekranı Apple-ın True Tone özəlliyindən istifadə edir. Ekranın kiçik olması səbəbilə 750x1134 piksel-ə malikdir. Bu da göstərir ki, bu ekranla sadəcə 720P keyfiyyətində görüntü izləmək mümkündür. Yəni 1080P və daha üstündə olan videolara bu cihazla baxanda görüntü keyfiyyəti olaraq fərq olmayacaq.
iPhone SE modellərinin fərqli cəhətlərindən biri də kiçik ölçülərdə olmasına baxmayaraq yüksək performans vəd etməsidir. Apple A15 Bionic çipseti ilə təchiz olunan model bir xeyli güclüdür. Yəni App Store-da yerləşən müxtəlif oyunları rahatlıqla yüksək qrafik ayarlarında oynaya biləcəksiniz. Amma qeyd edək ki, bu çipset digər modellərdə istifadə edilən A15 Bionic-lərdən qismən zəifdir. Çünki smartfonun ölçüsü kiçikdir deyə çipsetin tam performansından faydalanmaq demək olar ki, mümkünsüzdür. Əks halda iPhone SE 3 çox isinən bir smartfon olaraq bilinərdi. SE model olaraq adlandırılmasına baxmayaraq cihazda 4 GB ram mövcuddur. Bu da növbəti illərdə də smartfonu donmadan asanlıqla istifadə edə biləcəksiniz deməkdir. 256 GB daxili yaddaşa kimi seçimləri olan iPhone SE 3 modeli çox şəkil və video çəkən istifadəçiləri darda qoymur.Amma bütün bu güclü performansa baxmayaraq kiçik smartfonla nə qədər çox şey etmək mümkündür ki? Artıq oyunlar elə bir hal alıb ki, kiçik ekranlarda oynamaq həm çətinləşib, həm əvvəlki qədər zövq vermir. İnsanların tələbləri də dəyişib. Bu səbəbdən Apple şirkəti də iPhone SE 3 üçün istehsal sayını azaltmağa qərar vermişdi.
Ənənəvi iPhone-ları xatırlayan istifadəçilərimiz bilir ki, tək kameraya malik idilər. Apple həm bu, həm də iPhone SE 3 qiymeti çox olmasın deyə tək kamera istifadə etməyi seçib. iPhone SE 3 modelinin arxa kamerası 12 MP-lik sensordan ibarətdir. OIS dəstəyi olan bu kamera ilə istifadəçilər 4K 60 FPS videolar da çəkə bilərlər. Müasir smartfonlarda olduğu kimi telefoto və ya makro kamerası yoxdur. Ön kamera olaraq isə 7 MP-lik kamerası mövcuddur. 7 MP bu günün standartları üçün zəif qalsa da cihazın selfie performansı heç də pis deyil. Ön kamera ilə istifadəçilər həmçinin 1080P 30 FPS videolar çəkə bilərlər. Kamera tərəfində daha danışacaq çox da bir şeylər yoxdur. Tək kamera, ortalama bir performans.
Smartfonun enerji saxlama qabiliyyəti, xüsusilə batareya həcmi artıq çox önəmli bir faktor halını alıb. İnsanlar sürətli şarj olan, batareyası gec bitən smartfonlara daha çox maraq göstərir. Amma iPhone SE 3 bunlardan biri deyil. Çünki cihazın sürətli şarjı sadəcə 20W dəstəkləyir və batareya həcmi isə 2018 mAh-dır. Yeni smartfonlarda artıq 4500 mAh-dan yüksək batareyaların olduğunu xatırlasaq bu rəqəm çox az görünür. Əslində batareyanın kiçik olmasının da müxtəlif səbəbləri var. Cihazının özünün kiçik olması daha böyük batareyanın istifadə edilməsinə mane olur. Həmçinin yeni çipsetin enerji səmərələliyi də yüksəkdir. Lakin yenə də öz rəqibləri ilə müqayisədə iPhone SE 3 smartfonu batareya mövzusunda geri qalır deyə bilərik.
iPhone SE 3-un satış qiyməti hal-hazırda 429 dollardan başlayır. Ölkəmizdə isə 1250 azn-dən başlayan qiymətlərlə satışdadır. Apple cihazı üçün orta bir qiymət hesab olunsa da rəqibləri ilə müqayisədə bahadır deyə bilərik. TelSat.Az olaraq bizə görə bu cihazı sadəcə yüksək performans istəyən istifadəçilər almalıdır. Əsas smartfon kimi istifadə etməyə çox da yaramır. Çünki həm ekranı kiçikdir, həm kamera performansı, həm də batareya performansı qiymətinə görə yetərli deyil. Ümid edirik ki, Apple şirkəti daha büdcə dostu və qiymətinə dəyər modellər istehsal edər.