- 163
AI sürətlə artır, yaddaş çatışmazlığı rekord həddə çatır
Süni intellekt çiplərinə tələbatın kəskin artması yarımkeçirici sənayesində yeni bir böhran yaradıb: bu dəfə əsas problem məhz yaddaş çiplərinin (DRAM/NAND) çatışmazlığıdır. AI yönümlü data mərkəzləri daha çox resurs tələb etdiyinə görə, smartfon və şəxsi kompüter kimi istehlak elektronikası istehsalçıları tədarük zəncirində arxa plana keçir. Nəticədə bazarda qiymət təzyiqi artır, istehsal planları isə yenidən hesablanır.
Məlumata görə, AI akseleratorlarında istifadə olunan yüksək bant genişlikli yaddaş (HBM) sənayenin ümumi məhsuldar yaddaş gücünün təxminən 70%-ni “özünə çəkir” və bu, ənənəvi tələbi sıxışdıraraq qıtlığı daha da dərinləşdirir. Micron şirkətinin əməliyyatlar üzrə vitse-prezidenti Manish Bhatia vəziyyəti “misli görünməmiş qıtlıq” kimi qiymətləndirib.
Yaranan çatışmazlıq böyük istehsalçıların 2026 proqnozlarına birbaşa təsir edib. Dell kimi iri kompüter istehsalçıları ilə yanaşı, bazarın əsas smartfon brendləri olan Xiaomi, Oppo və Transsion da daha ehtiyatlı planlamaya keçib. Qeyd olunur ki, Oppo artan xərclər fonunda istehsalda 20%-ə qədər azalma addımı atıb.
Araşdırma şirkəti Counterpoint Research isə bildirir ki, 2025-ci ildə qlobal smartfon göndərişləri illik 2% artıb, amma 2026 ilə bağlı gözləntilər daha mühafizəkarlaşıb. Şirkətin araşdırma direktoru Tarun Pathak-a görə, DRAM/NAND qıtlığı və komponent xərclərinin yüksəlməsi səbəbilə 2026 proqnozu yenilənib və bazar üzrə göndəriş gözləntiləri 3% azaldılıb. Bu vəziyyətdə Apple və Samsung-un daha güclü tədarük imkanları sayəsində nisbətən dayanıqlı qalacağı, aşağı qiymət seqmentinə fokuslanan Çin brendlərinin isə daha çox təzyiq görəcəyi vurğulanır.
Böhrana cavab olaraq yaddaş istehsalçıları istehsal gücünü artırmağa çalışır. Micron ABŞ-da Nyu-York ştatında (Sirakuza yaxınlığında) böyük istehsal layihəsi çərçivəsində təməlatma mərasimi keçirib və paralel olaraq Tayvanda 2027-ci ildə DRAM istehsalı üçün nəzərdə tutulan müəssisə addımları atır. Şirkət ümumilikdə ABŞ-da istehsal və AR-GE istiqamətində böyükmiqyaslı investisiya planlarını da gündəmdə saxlayır.
Analitik gözləntilər isə göstərir ki, 2026-da HBM seqmentində qiymət artımı daha da sürətlənə bilər. UBS-in proqnozuna əsasən, HBM-in bit başına orta qiyməti 2026-da 18,5% artacaq və bu, HBM gəlirlərini 32,7 milyard dollara çatdıra bilər. Həmin gəlirin SK Hynix-in əməliyyat mənfəətində çox böyük pay tutacağı bildirilir.
Mütəxəssislər hesab edir ki, qıtlıq davam edərsə, istehlak bazarında smartfon və kompüterlərin maya dəyəri artacaq, bu da ya qiymət yüksəlişi, ya da cihazların bəzi texniki göstəricilərində optimizasiya dalğası ilə nəticələnə bilər.