Sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək

Sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək

Facebook, WhatsApp, Instagram və Messenger kimi sosial media platformalarının sahibi Meta, 2030-cu illərin əvvəlindən etibarən gigavat səviyyəsində nüvə enerjisi istifadə etməyə başlayacaq.

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Meta, ABŞ-dakı məlumat mərkəzlərini gücləndirmək üçün nüvə enerjisinə keçməyi planlaşdırır. Şirkət, 2030-cu illərin əvvəlində 1-dən 4 gigavat arasında nüvə enerji tutumu əlavə etməyi qarşısına məqsəd qoyub.


Sosial mediaya nüvə dəstəyi

Facebook, WhatsApp, Instagram və Messenger kimi platformalar Meta-nın nəzarəti altındadır. Son məlumatlara görə, bu platformaların gündəlik istifadəçi sayı 3,29 milyarddan çoxdur. Bu platformaların fəaliyyət göstərməsi üçün böyük həcmdə məlumat mərkəzləri tələb olunur. Meta isə bu məlumat mərkəzlərini daha səmərəli və müasir etmək üçün nüvə enerjisini və süni intellekti birləşdirməyi hədəfləyir.

Bu məqsədlə Meta, Kiçik Modulyar Reaktorlar (Small Modular Reactor - SMR) və daha böyük nüvə reaktorları üzrə təcrübəli iş ortaqları ilə əməkdaşlıq etmək niyyətindədir. Şirkət, nüvə stansiyalarının coğrafi yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət qoymadığını və bu məsələdə çevik olduğunu vurğulayır.

Meta, nüvə enerjisindən istifadəni həm texnoloji yeniliklərə dəstək, həm də iqtisadi inkişaf baxımından vacib addım hesab edir. Şirkətin açıqlamasında deyilir: “Yeni innovasiyalar müxtəlif sahələrdə texnoloji irəliləyişlərə səbəb olduğu kimi, iqtisadi artıma da təkan verir. Nüvə enerjisinin məlumat mərkəzlərimiz və onlara xidmət edən elektrik şəbəkələri üçün etibarlı, dayanıqlı enerji mənbəyi olacağına inanırıq.”


Texnologiya nəhəngləri eyni istiqamətdədir

Meta, nüvə enerjisinə yönələn yeganə texnologiya şirkəti deyil. Google, ABŞ-da bir neçə reaktor inşa etmək üçün müqavilə imzalayıb və bu layihələrin ümumi gücü 500 meqavat olacaq. Microsoft isə ABŞ-da yerləşən Three Mile Island nüvə stansiyasını yenidən işə salaraq süni intellekt layihələrinə dəstək verməyi planlaşdırır. Eyni zamanda, Amazon da nüvə enerjisindən istifadə edəcəyini açıqlayıb.

Şərhlər