"Meta"nın CEO-su Mark Zukerberq dünən axşam mavi işarə ilə bağlı yeniliyi paylaşdı. Təzə qayda bloqçuları və influenserləri sevindirəcək.
Twitter abunə müqabilində istifadəçilərə mavi işarə verdikdən sonra Meta da gecikmədi. Facebook və Instagram sosial şəbəkələrində təsdiqlənmiş hesab olmaq üçün aylıq abunəlik tələb olunacaq. Meta Verified olaraq elan edilən yeni abunə sistemi şirkətin platformalarında tanınma və məlumatlılığı artıracaq. Avstraliya və Yeni Zelandiyada pilot olaraq başlayacaq xidmətin ilin sonunda daha çox ölkəyə gəlməsi gözlənilir.
Instagram və Facebook şəbəkələrində mavi işarəyə sahib olmaq istəyənlər vebdən daxil olanda 11,99 dollar (20 manat), mobil telefondan isə 14,99 dollar (25 manat) ödəyəcəklər. İstifadəçilərin 18 yaşdan yuxarı olması və şəxsiyyət vəsiqəsini müştəri xidmətinə təqdim etməsi tələb olunur.
Mavi işarəyə əlavə olaraq, istifadəçilər Stories və Reels videolarında xüsusi etiketlər ilə aylıq 100 ulduz alacaqlar. Meta Twitter kimi böyük faydalar kataloqu təqdim etmir. Bundan əlavə, məlumatları dəyişdirmək istədikdə bütün təsdiqləmə prosesi yenidən aparılmalıdır.