- 173
Instagram TikTok yaradıcılarını cəlb etməyə çalışır
ABŞ-da tətbiq edilən qadağa səbəbilə çətin dövr keçən TikTok-un yerini almaq istəyən Instagram, məzmun yaradıcılarını öz platformasına çəkmək məqsədilə yeni strategiyalar hazırlayıb.
Xüsusilə gənclər arasında ən populyar platformalardan biri olan TikTok, hazırda ciddi bir böhranla üzləşib. ABŞ-da gözlənilən qadağa nəhayət qüvvəyə mindi və nəticədə tətbiq App Store və Play Store -dan çıxarıldı. Daha sonra, Donald Tramp qadağanı müvəqqəti olaraq ləğv etsə də, tətbiq tam olaraq geri qayıtmayıb. Bu vəziyyət, digər texnologiya şirkətləri üçün böyük bir fürsət yaratdı.
Bu fürsəti dəyərləndirən şirkətlərdən biri də Meta oldu. Meta yalnız TikTok istifadəçilərini deyil, məzmun yaradıcılarını da öz tərəfinə çəkmək üçün hərəkətə keçib. Bu məqsədlə məşhur influencer-lara, məzmunlarını xüsusi olaraq Instagram Reels üçün yaratmaları üçün 10 min dollardan 50 min dollara qədər aylıq ödəniş təklif edilir.
TikTok Aprel ayında yenə bağlana bilər
Növbəti günlərdə tətbiqin mağazalara qayıtması gözlənilsə də, tətbiqin gələcək taleyi qeyri-müəyyəndir. Tramp yalnız müvəqqəti bir müddət uzatma təqdim edib və 75 günlük bu müddət başa çatdıqdan sonra qadağa yenidən qüvvəyə minə bilər. Belə bir zamanda Instagram, məzmun yaradıcılarını cəlb etmək üçün 50 min dollara qədər təkliflərlə çıxış edir. Bu təkliflər, yaradıcıların məzmunlarını əvvəlcə Instagram-da, müəyyən bir müddətdən sonra isə digər platformalarda paylaşmasını tələb edir.
Instagram, TikTok-un bazar payını ələ keçirmək üçün təkcə məzmun yaradıcılarına təkliflər verməklə kifayətlənmir. Keçən həftə, profil səhifələrindəki dizayn dəyişdirilərək daha çox TikTok-a bənzədildi və Reels-ların uzunluğu üç dəqiqəyə qədər artırıldı. Üstəlik, yeni Edits adlı video redaktə aləti də təqdim edildi ki, bu da CapCut-a birbaşa rəqib olacaq.