ChatGPT-nin axtarış motoru funksiyası artıq bütün istifadəçilər üçün əlçatandır. Süni zəka asistenti, Google-a güclü bir rəqib olur.
OpenAI-nin ChatGPT axtarış motoru funksiyası ilk dəfə oktyabr ayında yalnız ödənişli abunəçilər üçün istifadəyə verilmişdi. İndi isə şirkət, pulsuz istifadəçilərə də bu xidməti təqdim etməyə başlayıb. Bunun üçün istifadəçi hesabı yaradıb daxil olmaq kifayətdir. Axtarış funksiyası yaxın aylarda mərhələli şəkildə bütün istifadəçilərə təqdim olunacaq.
Şirkət, həmçinin mobil cihazlarda funksiyanın optimallaşdırılmış versiyasını və səsli axtarış imkanı təqdim edəcəyini elan edib. Lakin bu xüsusiyyət yalnız ödənişli istifadəçilər üçün mövcuddur.
Restoranlar və ya turistik məkanlar kimi spesifik yerləri axtardığınız zaman, ChatGPT sizə şəkillər, reytinqlər və iş saatları ilə əlaqəli nəticələr təqdim edir . Bir obyektə tıkladığınızda, həmin yer haqqında daha çox məlumat əldə edə və tətbiqdən çıxmadan yol istiqamətlərini göstərən xəritəyə baxa bilərsiniz.
OpenAI, axtarış funksiyası üçün ən qabaqcıl xəbər və məlumat təminatçıları ilə əməkdaşlıq etdiyini qeyd edir. Bu xüsusda, səhm qiymətləri, idman nəticələri və hava proqnozu kimi məlumatlar widget formatında təqdim edilir. Beləliklə, ChatGPT tam təchizatlı bir Google alternativinə çevrilir.